^

Konstitusiya hüquqi dövlətin əsasıdır

 

 

Azərbaycan Respublikasının Konstitusiyası öz dövrünün ən təkmil konstitusiyalarından biri olmaqla, demokratik dünya dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış bir çox ümumbəşəri dəyərləri, dövlət və cəmiyyətin təşkili ilə bağlı olan bir çox prinsipləri təsbit edir. Digər normativ aktlardan fərqli olaraq, Konstitusiya demək olar ki, bütün müasir dövlətlərin əsas qanunudur. Çünki ölkənin sosial-iqtisadi strukturunda, ictimai-siyasi həyatında baş verən bütün dəyişikliklərin məzmunu bu və ya digər formada Konstitusiyaya uyğun aparılır. Konstitusiyanın inkişafı ümumilikdə cəmiyyətin və dövlətin özünün inkişaf mərhələlərinə müvafiq olur. Konstitusiya cəmiyyətin və dövlətin bütün təbəqələrinə ümumi şəkildə sirayət etdiyinə görə, o özündə həyatın bütün sahələrini əhatə edən müddəaları əks etdirir.

Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ali qanundur. Azərbaycanın qanunvericilik sisteminin bünövrəsini təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, milli sülhün və barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir.

Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmış, insan hüquqlarının və azadlıqlarının təminatları müəyyən edilmişdir. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın ali dəyərlərini əks etdirir.

Azərbaycan xalqı 1918-ci ildə öz tarixində ilk dəfə demokratik əsaslarla dövlət yaratmağa nail olsa da, bu dövlətin cəmi 23 ay davam edən qısa ömrü Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasının qəbul edilməsi üçün kifayət etmədi. Müstəqilliyimizin bərpasınaqədərki 70 illik dövrdə artıq 3 Konstitusiya qəbul olunmuş, lakin həmin konstitusiyalar ittifaq konstitusiyalarına uyğun hazırlanmaqla dövrün siyasi rejiminin ideologiyasını əks etdirmişlər. Dövlətimiz müstəqillliyini bərpa etdikdən sonra isə demokratik və hüquqi dövlət quruculuğunun tələblərinə cavab verən yeni bir Konstitusiyanın qəbulu zəruri idi.

Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra olduqca çətin şəraitdə, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini – Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev deyirdi: “Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır... Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir.

Hər bir demokratik ölkədə hakimiyyət yalnız xalqın iradəsi əsasında formalaşa bilər. Təsadüfi deyil ki, Konstitusiyamızın birinci maddəsi Azərbaycan xalqını dövlət hakimiyyətinin yeganə mənbəyi hesab edir. Əsas Qanunda sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququ kimi təsbit olunur. Konstitusiyamızın ikinci fəsli ilə Azərbaycan dövlətinin hüquqi statusu müəyyənləşdirilmiş, siyasi-hərbi, sosial-iqtisadi inkişafının əsas prinsipləri təsbit olunmuşdur. Dövlətin idarəetmə mexanizmi isə dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış hakimiyyətin səlahiyyətlər bölgüsü əsasında həyata keçirilməsi prinsipinə əsasən təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan etmişdir. Bu baxımdan Konstitusiyamızın üçdəbir hissəsi əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.

Ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyinin, hamılıqla qəbul olunmuş hüquq normalarına hörmətinin ifadəsi kimi Konstitusiyamız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ölkənin hüquq sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası formalaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına öz müsbət təsirini göstərmişdir. Təsadüfi deyil ki, Konstitusiyada təsbit edilmiş hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyətcə yeni funksiyalar əldə etmişdir. Məhkəmə hakimiyyətinin ali orqanı sayılan, Konstitusiya nəzarətini həyata keçirən Konstitusiya Məhkəməsinin statusu da məhz ilk dəfə olaraq ali qanunumuzda müəyyən olunmuşdur.

Konstitusiyamızda ilk dəfə yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin statusu konstitusion səviyyədə təsbit edilmişdir. Məhz milli Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə orqanı – bələdiyyələr yaradılmış və fəaliyyətə başlamışdır. Konstitusiyamızın mütərəqqi cəhətlərindən biri də onun üçdə bir hissəsinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunması, bu hüquq və azadlıqların qorunmasının dövlət hakimiyyəti orqanlarının əsas vəzifəsi kimi müəyyən edilməsidir.

Konstitusiya dövlətin hər hansı bir marağa deyil, məhz vətəndaşların mənafelərinə, şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Bu baxımdan təsadüfi deyil ki, Konstitusiyanın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.

Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəslində əks olunmuş müddəalar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi hazırlanıb 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya Qanunu kimi qəbul edildikdən sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minmişdir.

Qeyd edilməlidir ki, Əsas Qanunun qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, ictimai münasibətlər inkişaf etdikcə öz təbiətinə görə kifayət qədər sabit normativ hüquqi akt olan Konstitusiyaya da bir daha nəzər salınması, onun müəyyən müddəalarının təkmilləşdirilməsi, mütərəqqi əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranır. Məhz bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir.

12 noyabr tarixi xalqımızın və dövlətimizin tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi deməkdir. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün bu qələbə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquq subyekt kimi tanınmağın əsasını qoymuşdur.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məhkəməsinin mətbuat xidməti