Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsindən
ÇIXARIŞ
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi
1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
1.3. Ələt azad iqtisadi zonasında inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxılması “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 81. Apellyasiya şikayəti vermək hüququ
81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 83. Şikayətin mümkünlüyü
83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.
83.2. Məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir.
83.3. Aşağıdakı məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz:
83.3.1. məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə qərardadlarının (sərəncamlarının);
83.3.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının;
83.3.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının;
83.3.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının;
83.3.5. hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının;
83.3.6. bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda.
83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.
Maddə 84. Şikayət üzrə məhkəmə icraatının iştirakçıları
Şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.
Maddə 85. Şikayətin verilməsinə dair tələblər
85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.